AZE | RUS | ENG |

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”
Ən önəmlisi təhsildir! Təhsil, yəni ki, təlim. İstər heyvan olsun, istər insan- necə təlim görürsə, elə də yaşayır, bu təlimin istiqamət və səviyyəsindən asılı olaraq ətraf mühitə, əhatə olunduğu obyektiv aləmə münasibəti formalaşır. İnsanın təlim sisteminə təhsil deyirlər. Hər şeyin səbəbi təhsildir. Məsələn, teatr nəticədir, teatr təhsili səbəb. Götürək elə bizim Azərbaycan teatrını... nə qədər demək olar, ay başınıza dönüm, teatr deyilən şey gərəkdir ki, öz qazanında qaynamasın, çanağından ötəki dünyanı qavramağı, duymağı, ona reaksiya verməyi bacarsın. Bacarmırsa, heç olmasa, cəhd eləsin. Eləmirsə... eləyir! Özü də necə deyərlər, "eləməyə” təhsildən başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "kurs işləri”, "diplom tamaşaları” və nəhayət, qatrol səfərləriylə heç də peşəkar teatrlarımızdan geri qalmır, "nüvə başlıqlı” bir "AH!” çəkib onu da qeyd etməliyəm ki, bəzi məqamlarda və tez-tez "bəzi məqamlarda”, "peşəkar teatr prosesimiz”i qabaqlayır da! Bu reportaj-məqalə üçün bəhanəyə çevirdiyimiz hadisə isə Universitetin "SABAH” mərkəzinin Türkiyənin Dənizli vilayətinə təşkil etdiyi qostrol səfəridir. İki tamaşa ilə ("Hərə bir qəhrəman oldu” - müəllif Qan Turalı, quruluşçu rejissor Gümrah Ömər və "Müsyö Jordan və Dərviş Məstəli Şah” - müəllif Mirzə Fətəli Axundzadə, quruluşçu rejissor Nofəl Vəliyev) 3-cü kurs dram teatrı və kino aktyorlarının və müəllim heyətinin iştirak etdiyi Uluslararası Amatör Tiyatro Festivalı haqda əvvəlinci sözü soylayır ADMİU-nun "Sabah” Mərkəzinin rəhbəri Bella Məmmədbəyova: "Qatıldığımız festival artıq 33-cü dəfə keçirilən Denizli Uluslararası Amatör Tiyatro Festivalı idi. Amatör, yəni ki, həvəskar. Amma bəzi tamaşaları çıxmaq şərtiylə, festival heç də "həvəskarlıq səviyyəsi”ndə deyildi. Düzdür, dərnək səviyyəsində olan tamaşalar da vardı, amma həm də olduqca kreativ ideyalara söykənən müasir tamaşalar da oynanıldı. Festivalın çöx zəngin proqramı var idi. Fərqli məkanlarda - "Çatalçeşmə Oda Teatrı”nda və Konqres Mərkəzində” gündə iki tamaşa oynanılırdı. 
 
Bizə məlumdur ki, bundan öncə "Sabah”çılar Rusiyada QİTİS-in təşkil etdiyi MDB ölkələrinin II Beynəlxalq Teatr Festivalında çıxış ediblər. Bu isə artıq yaradıcı heyət üçün əməlli-başlı müqayisə imkanı yaradır. Maraqlıdır, əgər müqaisə etsək Azərbaycan teatrı və teatr təhsili üçün hansı mətləbləri əxz edə bilərik?.. Bu sualımızı Universitetdə səhnə danışığı fənnini tədris edən Xalq artisti Mehriban Zəki cavablandırdı:
"Maraqlı və konkret suala görə təşəkkür edirəm. Özünüz də qeyd etdiniz, bundan öncəki səfərimiz Rusiyaya olub. Bilirsiz ki, Rusiya artıq bir əsrdir ki, öz teatr ənənəsi və düşüncəsiylə bütün dünyaya təsir göstərir, necə deyərlər,  peşəkarlığın kriteriyalarını diqtə edir. Əlbəttə ki, Rusiyanın ən mötəbər təhsil ocaqlarından olan QİTİS-də festivala qatılmaq bizimçün həm böyük uğur, həm də ağır məsuliyyət idi. Düzdür, QİTİS özü bu festivala qatılmamışdı, amma bizim tamaşa, ən azından, festivala MDB ölkələrində qatılan tamaşaların heç birisində geri qalmırdı, əksinə, tələbələrimiz oynayanda mən qürur duydum ki, mənim məmləkətimin balaları  heç kimdən geri qalmırlar. Amma əgər müqaisə obyekti Rusiyadırsa, etiraf etməliyəm ki, geridə olduğumuz məqamlar var. Məsələn, orada ustad dərslərində iştirak etdiyimiz zaman özüm üçün bilmədiyim, öyrənməli olduğum məqamlar, məsələlər aşkarladım, baxmayaraq ki, burda həmən fəndən dərs deyirəm. Çox yaxşı olardı ki, mən həmin "texniki vasitələri” onlardan öyrənim və tələbələrə də öyrədim. Çünki bu gün teatr sənətinin varolması biraz başqa - daha yeni prinsiplərə söykənir. Bizsə "köhnə məktəb”ə əsaslanırıq.
 
- Hansı "könə məktəb”ə, Mehriban xanım... o məktəbin adı nədir?..”Stanislavskı sistemi?!
Mehriban Zəki: "Qətiyyən, yox! Biz Stanislavski məktəbini bilmirik, Dağlar! Biil-miir-ik! Biz onu bilmirik və haqqında təsəvvürümüz də o qədər bəsitdir ki, elə bilirik, Stanislavski "sistemi” çıxıb səhnədə "YAAŞAAMAAQ”dan ibarətdir və guya ki, bu köhnədir. Əslində, isə bir azcıq mahiyyətinə varsaq, bu "sistem” o qədər canlı və aktualdır ki... sadəcə, dəqiqləyi ilə öyrənmək gərək. Bütün dünyada istər teatr təhsilinin, istərsə də peşəkar teatrın bünövrəsində bu "sistem” durur. Başqa istiqamətə getdim, keçim Dənizliyə... Dənizli əyalətdir. Düzdür böyük şəhərlərdən də truppalar qoşulmuşdular. Amma məsələn, Aydın Universitetinin tamaşasını heç sevmədim. Qaldı bizim tələbələrə, qayət yaxşı çıxış etdilər. Düzdür, bir az səhnənin texniki durumundan gələn qüsurlar oldu, amma bu uşaqların günahı deyildi. Baxmayaraq tələbələrimiz arasında zəifi də var, güclüsü də...amma ən önəmlisi budur ki, bu uşaqlar istənilən teatr mühitinə, istənilən səhnəyə adəptə olmağı və orda bir ansambl kimi var olmağı bacarırlar. Bir balaca əsəri bəyənmədilər (Qan Turalı, "Hərə bir qəhrəman” – D.Y), bəlkə də əsər məhz bizim tariximizlə bağlı olduğundan mövzu onlara aydın olmadı. Xüsusən, "Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasındakı aktyor ifasına heyran oldular. Bu tələblərlə çox işlər görmək olar.”
 
Mehriban Zəki, əslində, bu günə kimi heç kimdən eşitmədiyim, amma adım kimi əmin olduğum fikri səsləndirdi: "Biz Stanislavski "sistemi”ni bilmirik. Bizdə hər şey var, bircə bu "BİLMİRİK!” çatışmırdı... sehirli "bilmirik!..” Hansı ki, bilgəliyə (oxu: peşəkarlığa) gedən yolun lap başlanğıcıdır. Bir də ki, yuxarıdakı o "köhnə məktəb” sözünü mən "məktəbsizlik” sözüylə əvəz edərdim.
Söbətimiz davam edir, amma Bella xanımla. Xahiş etmişəm ki, son illər universitetimizdə formalaşmış "qostrol ənənəsi”nin əhəmiyyətini peşəkar təhsil işçisi kimi xarakterizə etsin.
 
Bella Məmmədbəyova: "Hər qastroldan sonra mən tələbələrdə o inkişafa doğru meyillənməni görürəm. Bilirsiz, fərqli mədəniyyətlər uşaqlar üçün düşüncə arealını genişləndirir. Başqa sənət mühitləriylə təmas dünya görüşlərini artırır ki, bu da bir sənətçi üçün çox önəmlidir. İkincisi, onlar üçün meyarlar dəyişir, yeni mətləblər aydınlaşır, hədəfləri müəyyənləşir. Təbii ki, söhbət sənətini sevən tələbələrdən gedir. Qayıdırlar, dayanmaq istəmirlər, işləmək istəyirlər. Ona görə hər vəchlə istəyirəm ki, onlar xaricə çıxsınlar. Biz bu gün tələbəni təkcə Azərbaycan çərçivəsi üçün yox, daha geniş areal üçün hazırlamalıyıq. Tələbələrin əlaqələrini genişləndirməliyik. Məsələn, keçən ilki festivalda iştirakından sonra Corc Qafarova Moskvadan film təklifi gəldi. Sadəcə, o, hərbi xidmətdə olduğundan bu təklifi dəyərləndirə bilmədi, bu il tələbəmiz Ziya Ağaya QİTİS-də təhsil almasıyla bağlı təkliflər oldu. İndi çox dəvətlər gəlir və biz bunu imkanımız daxilində dəyərləndirməyə çalışacağıq. Bir də bayaq Mehriban xanıma müqayisəylə bağlı bir sual verdiz. Deməli, Dənizlidəki festival 33-cü dəfə idi keçirilirdi və 15000 tamaşaçısı var idi. Tamaşalarda yerlərin yarısı iştirakçılar üçün idi, yarısına isə simvolik qiymət - 1 lirə- qoyub satırdılar. Mən bilet üçün insanların necə növbəyə durduğunu gördüm. Baxın bir fərqimiz də burdur – bizim tamaşaçımız yoxdur!”
 
Estafeti müəllimlərdən alıb tələbələrə verirəm, düzünü desəm, əsas maraq obyektim onlardır. Maraqlıdır, iştirak etdikləri festivallar onlar üçün hansı səhifələri açdı, düşüncələrində müəyyən bir peripetiyaya səbəb oldumu?.. Oralardan özləri və mənsub olduqları teatr mühiti üçün nə qoparıb, nə "çırpışdırıb” gətirdilər buralara?..
Fidan: "Şəxsən mənə burada – Səda Tədris Teatrında rola "girmək” olduqca çətin idi. Komplekslərim var idi. Amma Moskvada sanki tamam başqa adam idim, tamam başqa bir enerjiylə oynadım. Bilmirəm o enerjini tamaşaçıdan aldım, ya mühitdən”.
Fidandan sualıma cavab ala bilmirəm, amma verdiyi cavabdan bu nəticəni əxz edirəm: sənətçi üçün ən önəmli olan azadlıqdır. Əgər aktyor (oxu: aktrisa) səhnəyə çıxanda düşünürsə ki, YaHU, mən bu mizanı necə edim ki, zalın sol küncündəki əmim oğlu görməsin və ya filan filmə çəkilsəm, görəsən, kəndimizdə nə deyərlər və s. deməli, o cismən sənətdə olsa da, ruhən, yəni "psixe” olaraq, hələ də kəndlərindən çıxmayıb. Görünür, Fidan rusların səhnəsində azadlığını tapıb... bir neçə dəqiqəlik də olsa.
 
Mirsənan: "Energetika” deyilən bir şey var də... mənfi və müsbət enerji. Bizim tamaşaçıda bir xasiyyət var ki, həmişə tamaşaya mənfi rəylə gəlirlər. Rusiya tamaşaçısı isə tamamiylə fərqli enerjiyə malikdir, hansı ki, səhnədə sənə mane olmur”.
Tələbə yoldaşlarım söhbəti başqa yana aparıb, özlərini bir neçə dəqiqəlik SƏNƏTKAR kimi hiss etmək üçün tamaşaçıdan gileylənirlər, energetikadan dəm vururlar. Amma mənə bu gərək deyil, mənə onların içindəki özünütənqid lazımdır. Ona görə də həmlə edirəm: "Dostlar, gəlin belə danışaq... indi tamaşaçının çatışmazlıqlarını dedik. Rusiya seyrçisinin zövqünə və ENERGETİKAsına heç bir şübhəmiz yoxdur. Amma istəyirəm, bir az özümüzdən danışaq: biz və onlar... məsələn, biz və Moskva tələbələri”
Mirsənan: "Fərqlər var...çox böyük fərqlər var! Fərq budur ki, onlar işləyirlər.
- Siz işləmirsiz?!.
- Biz işləmirik...çox az işləyirik! Məsələn, mən orda bir şeyin şahidi oldum, deməli, birinci kurs tələbəsi divarın küncünə stul qoyub üzü divara oturub dayanmadan məşq edirdi. Biz anlamırıq ki, bu neyləyir. Sonra onların dərsinə girəndə anladıq ki, bu etüd edirmiş. Battery deyilən musiqi alətini göstərirdi. Bu adam saatlarla onu məşq edirdi. Bizdə belə bir şey yoxdu: nə eləməmişəm, nə də görməmişəm!
 
Gövhər: "Bizdə sistem fərqlidir, təhsil və müəllimlər fərqlidir. Əslində, biz gücümüz çatandan daha artığını elədik. Bu səfərin ən gözəl tərəfi odur ki,  hamımız səfərbər olurduq. Elə bunun sayəsində Moskvada heç kimdən geri qalmadıq. Amma orda elə fənnlər var ki, bizdə onu keçmirlər. Məsələn müşahidə... hər hansı bir personanı müşahidə edirsən və ondan imtahan verirsən. Bunu ayrıca bir dərs kimi keçirlər -  bu çox xoşuma gəldi. O ki qaldı Türkiyə teatrına, məncə, bizim teatr daha çox inkişaf edib. Onlar hər şeyə üzdən yanaşırlar və aktyor oyununu klişe davranışlarla qavrayırlar. Bu isə qeyri-səmimi bir ortam yaradır”.
 
Elçin: "Rus tələbələrə paxıllığım tutdu, sözün düzü. Çox çalışırdılar və çox həvəsliydilər. Amma o həvəsi yaradan müəyyən amillər var idi. Məsələn, keçən il bizdə Ceyhun (Dadaşov) müəllimlə Ruslan (İsmayılov) müəllim studiya yaratmışdılar. Müəyyən yaradıcı mühit formalaşmışdı. Belə mühit bizə daha həvəslə, daha sürətli işləməyə şərait yaradar. Tələbəni öz bacarıq və istedadıyla baş-başa buraxırlar ki, əvvəlcə özünü kəşf eləsin. Rol üzərində işdən əvvəl aktyor təbiətini üzə çıxaran daha yüngül məşğələlər keçmək lazım idi. Bizsə lap başdan rol üərində işə başladıq və bu, çətin oldu”. 
Elçin olduqca önəmli mövzuya toxundu: STUDİYA! Bu gün Azərbaycan teatr məkanında bir dənə də olsun studiya fəaliyyət göstərmir. Peşəkar teatrlar isə beş ildə heç beş nəfər gəncə iş vermir. Sual yaranır, onda bu "yeni teatr nəsli” harada və necə yetişəcək?!. Zatən, biz gənc nəsil peşəkar teatrlardan əlimizi üzmüşük. Fakt budur ki, bu gün gənc teatrçılar blokada vəziyyətindədir və universiteti bitirər-bitirməz bu blokadada itib batırlar, məhv olurlar.
 
Tural: QİTİS-də bir master-klass keçdik, müəllimlər maraqlı bir məsələni qabartmışdılar. Deyirdilər ki, biz uşaqlara hər şeydən öncə iş zamanı "üçüncü dairə”ni qapamağı, məhz işə adəptə olmağı öyrədirik. Hər şeydən önəmlisi diqqəti cəb etməkdir. Biz bunu öyrənmədik, bunu bacarmadıq. Məncə, bu sənət yükləməklə və yüklənməklə deyil, sevgiylə olur. Bəzi məqamlarda məhz o sevgiyə çatıram və yaşadığımı hiss eləyirəm. QİTİS-də tədris planı olduqca dəqiqdir, ardıcıldır.
Mətləb: "Bizdə səbr yoxdur. Hər şeyə tezbazar nail olmağa çalışırıq və çox tez də nail olduğumuzu düşünürük. Rusiyada gördüm uşaqları ki, adi bir elementi iki saat-üç saat məşq edirlər. Bizsə parçalanırıq – evə, işə, bufetə və.s. Ona görə də təhsili tam qavraya bilmirik. Hələki özümə o disiplini yaratmağa çalışıram.”
 
Uşaqların bayaqdan "enerji”, "həvəs” və s.la ifadə etdikləri çatışmazlığın nədən ibarət olduğunu, deyəsən, bilirəm – HƏDƏFSİZLİK! Rusun balası o boyda əziyyətə ona görə qatlaşır ki, o boydana RUSİYA teatrında var ola bilsin. Bizim binəvalar isə Azərbaycan teatrından ümidlərini kəsiblər, yönəliblər seriallarımıza ki, orada da aktyor olmaq bir o qədər önəmli deyil, əsas "TƏBİİ” olmaqdır. Bir də müəllim, ustad faktoru çox önəmlidir. Gərəkdir müəllim öz intellekti, bacarıq və uğurlarıyla tələbəni öz ardıyca aparmağı bacarsın. İndi isə müəllimlərə sonuncu sualımı ünvanlayıram. İstəyirəm öyrənim ki, bütün bu festivallar, qostrollar bizim  dünya teatr məkanına inteqrasiya üçün qarşımıza hansı vəzifələri qoyur?..
 
Bella Məmmədbəyova: "Ən birinci hədəf dünyəvilik və beynəlxalq əlaqələrdir. Təhsil gərək universal olsun və beyləlxalq təcrübə mübadilələri üzərində qurulsun. Məsələn, çox istəyərəm ki, "Erasmus+” proqramıyla gedib Polşa universitetlərində təhsil alsınlar. Bununçun da biz mütləq dil baryerini aradan qaldırmalıyıq. Tələbələrimiz xarici dil bilmirlər. Keçən il Rusiyada magistr tələbəmiz Hilal Dəmirova qalıb oxumağı təklif elədilər, məhz dil baryerinə görə alınmadı. Yəqin ki, hər şeydən öncə bu maneələri dəf etmək vəzifəsi durur qarşımızda”.
 
Mehriban Zəki: "Bu gün teatr təhsilimizin inteqrasiyası üçün gərək biz müəllimlər inteqrasiya edək. İndi söhbət əsnasında uşaqlar danışdılar, mən özüm üçün müəyyən ölçüləri götürdüm. Bilmirəm, bu gün təhsilimizi dünya maşstabına daşıya biləcək müəllimlərimiz varmı... dəqiq demək mümkün deyil”.
Dağlar Yusif: "Yoxdur, Mehriban xanım! Heç ehtimal da eləməyin...”
Mehriban Zəki: "Hə, baxmayaraq ki, mən özüm də müəllim olmağa cəhd edirəm!”
Bella Məmmədbəyova: "Amma o gənclərimiz var”.
Mehriban Zəki: "Bəli Gənclər var və bu gün o gənclərin gedib yurd dışında oxuyub gəlmələri bizi teatr məkanına daşıya bilər. Mən bunu arzulayıram, bunu istəyirəm. Bu gün hətta mən özüm buna çox böyük ehtiyac duyuram!”
 
Beləliklə, ADMİU-ya kiçicik səyahətimiz yekunlaşdı. Sonda bir şeyi demək istəyirəm ki, burada festivallar haqda bütün deyilənlər bizim üçün "deyilənə görə” xarakteri daşıyıb. Gərçi, ADMİU-nun 20-25 nəfərlik heyəti arasında, heç olmasa, bircə nəfər teatrşünas olsaydı, bu reportaj daha canlı, daha fərqli ola bilərdi. Amma görünür, Azərbaycan teatrı SABAHı teatrşünassız açmaq istəyir... lakin SABAH açılanda yenə biz teatrşünaslar hamıdan bir addım öndə olacağıq... həmişəki kimi... ŞAKA... ŞAKA!..
Uğurlar, ADMİU!..
 
Dağlar Yusif
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056